Bəxtiyar Xanızadə

Bəxtiyar Xanızadə

1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris teatrında, 1982–1983-cü illərdə Azərbaycanfilm kinostudiyasında aktyor, 1983-cü ildə İncəsənət İnstitutunda müəllim işləyib. 1994-cü ildə Bəxtiyar Xanı-Zadəyə "Səhnə hərəkəti və xoreoqrafiya sənəti" kafedrasının dosenti elmi adı verilmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbə ilə Respublikanın Mədəniyyət Naziri Polad Bülbüloğlunun əmrinə əsasən Azərbaycanda "Dəli yığıncağı" adlı ilk Pantomim teatr studiyası yaradıb. Bəxtiyar Xanı-Zadə Gürcüstanda və Bolqarıstanda keçirilən teatr seminarlarında iştirak etmiş və sertifikatlarla təltif edilmişdir. O, "Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU – əlbəyaxa döyüş növünün əhəmiyyəti", "Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar", "Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti" adlı elmi əsərlərin müəllifidir. O, "Bayraqdarlar", "Kvaksafon", "Samurayın ölümü", "Eşq", "Zibillik pərvanələri", "Kölgə" adlı ilk Azərbaycan pantomim pyeslərinin müəllifidir. 2000-ci il 6 mart tarixində "Dəli yığıncağı" Pantomim teatr-studiyasına Dövlət statusu verilmişdir. Bəxtiyar Xanı-Zadə həmin vaxtdan teatrın bədii rəhbəri və direktoru, 2006-cı il yanvarın 12-dən isə Dövlət Pantomim Teatrında bədii rəhbər vəzifəsində işləyir. Bəxtiyar Xanı-Zadə Ə. Atakişiyevin "Qərib cinlər diyarında" – Qərib, O. Mirqasımovun "Ovsunçu" – Rəsul, R. Həsənoğlunun "Hüseyn Cavid" – A. M. Şərifzadə filmlərində çəkilmişdir. O, Ramiz Həsənoğlunun "Fatehlərin divanı", "Nigarançılıq", "Dədə-Qorqud" tamaşalarına plastik həll üzrə rejissor kimi quruluş vermişdir. Dövlət Pantomim Teatrında quruluş verdiyi tamaşalar: Bəxtiyar Xanı-Zadə "Nağaraçılar", "Pantomim buketi", Slavomir Mrojek "Karol xofu", Məhəmməd Füzuli "Gəldim ki, olam ğəmin hərifi", Əbdürrəhimbəy Haqverdiyev "Kimdir müqəssir?", Şeyx Əttar Nişapuri "Uçuş", Çingiz Aytmatov "Manqurt", Mehman Musabəyov "Şəngül, Şüngül, Məngül", Bəxtiyar Xanı-Zadə "Şərqə səyahət", Üzeyir bəy Hacıbəyov "Dulusçu", Bəxtiyar Xanı-Zadə "Zibillik pərvanələri", "Bayraqdarlar", "Samurayın ölümü", "Kvaksafon", "Eşq", "Asılqan", "Kölgə", Z. Zeynalov "Maska", Antuan dö Sent Eqzüperi "Balaca Şahzadə", R. Akutaqava "Kesa və Morito", Özel Arabul "Foto Bahar". Bəxtiyar Xanı-Zadə Gürcüstanda, Rusiyada, Fransada, Türkiyədə, Bolqarıstanda, İranda, Hollandiyada, Avstriyada, Ukraynada, Tatarstanda və Misirdə keçirilən müxtəlif beynəlxalq teatr festivallarında, seminar və layihələrdə iştirak etmişdir. 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb. 2013-cü ildə Azərbaycanın Xalq artisti adına layiq görülmüşdür. 2003-cü ildə, 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Filmlər